Behbud bəy Cavanşir
Behbud xan Azad xan oğlu Cavanşir (12 (24) iyul 1878, Azad Qaraqoyunlu, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 18 iyul 1921, Konstantinopol, Osmanlı imperiyası) — Azərbaycanın dövlət xadimi, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər naziri (1918), Azərbaycan Demokratik Respublikasının Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu.
== Həyatı ==
Behbud xan Cavanşir 24 iyul (köhnə təqvimlə 12 iyul) 1878-ci ildə Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. Almaniyaya 1899-cu ilin oktyabr ayında gəlmiş və "Königliche Bergakademie zu Freiberg" – indiki Frayberq Texniki Universitetinə daxil olmuşdur. O, burada ilk azərbaycanlı tələbə olaraq 4380 nömrəli tələbə bileti ilə qeydiyyata düşmüşdür. Təhsilini 22 dekabr 1903-cü ildə Dağ-Mədən mühəndisi ixtisası üzrə "yaxşı" qiyməti ilə başa vurmuşdur. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb.
== Siyasi fəaliyyəti ==
1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur". Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir.
1907-ci ilin payızında tam məxfı qrifi ilə Daxili İşlər Nazirliyinin Cavanşir uyezdinin rəisinin Tərtər stansiyasından yazdığı 29 saylı məktubda həmin ilin 28 avqustunda yazılmış məlumata bir daha istinad olunaraq "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizlənərək dövlət əleyhinə fəaliyyət göstərən "Difai" komitəsinin rəhbərləri"nin ad və soyadları yenidən açıqalanır.