Tofiq Hüseynov (coğrafiyaçı)
Tofiq Hüseynov Bəhərçi oğlu (d. 1938, Goranboy rayonu, Xanqərvənd kəndi) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru.
== Həyatı ==
Tofiq Bəhərçi 1938-ci il mayın 20-də Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin «Geoloji-coğrafiya» fakultəsinə qəbul olunaraq oranı 1962-ci ildə bitirməklə ali təhsil almışdır.
== Elmi fəaliyyəti ==
Azərbaycan MEA Coğrafiya İnstitutunda əmək fəaliyyətinə başlayaraq laborant, kiçik elmi işçi, aspirant, yenidən kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildə coğrafiya elmləri namizədi alimlik dərəcəsi adı almaq üçün «Dağlıq Qarabağ Muxtar Vilayətinin təbii şəraiti və təbii ehtiyatlarının səmərəli istifadə olunmasının coğrafi problemləri» mövzusunda dissertasiya müdafiə etmişdir. 1969-cu ildən indiki Azərbaycan Dövlət İqtisad Universitetində assistent, baş müəllim, dosent vəzifələrində işləyərək gənc nəslin təlim-tərbiyəsində, iqtisadçı kadrların hazırlanmasında yaxından iştirak etmişdir. Gənc nəslin təlim-tərbiyəsində, iqtisadçı kadrların hazırlanmasında, elmi nailiyyətində qazandığı uğurlara görə professor adına layiq görülmüşdür.
== Elmi əsərləri ==
Fəaliyyəti dövründə 224 sayda monoqrafiya, dərslik, dərs vəsaiti, kitabça, elmi və publisistik məqalələr, müxtəlif metodik göstəriş və proqramlar nəşr etdirmişdir.
«Təbii resurslardan səmərəli istifadə», «Ekoloji-iqtisadi rayonlaşmanın sosial-iqtisadi aspektləri», «Azərbaycan Respublikasının ekoloji-iqtisadi problemləri və onlara qarşı mübarizə tədbirləri», «Azərbaycan siyasi təxribatçılıq və separatizm əhatəsində», «Qərb-Şərq münasibətləri Xristian və Islam təşəkkürü baxımından», «Beynəlxalq, beynəlxalq regional təşkilatlar və coğrafiyadan maraqlı məlumatlar» adlı monoqrafiyaların müəllifidir.