Azərbaycan florası
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ayrı sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.
Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur.
Azərbaycan florasının tərkibində bütün areal tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır və səhra tipləri isə respublikanın düzən, dağətəyi və bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yaylımışdır.