Qeysər Kaşıyeva
Qeysər Seyfulla qızı Kaşıyeva (7 iyun 1893, Tiflis – 17 aprel 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycan rəssamı. O, rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın hesab edilir.
== Həyatı ==
Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflisdə anadan olmuşdur. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxumuş, orada rus dilini öyrənmiş, sonra isə Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada oxuduğu illərdən onun rəssamlığa həvəsi yaranmış, eyni zamanda bədii qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir. 1907–1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbi oxumuşdur. Daha sonra məşhur rus rəssamı Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirərək ondan Moskvada təhsilini davam etdirməsini istəmişdir, lakin dövrün sərt tələbləri buna imkan vermədiyinə görə Qeysər Tiflis mühiti ilə kifayətlənməli olmuşdur. O, Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin bütün tədbirlərində iştirak edirdi. Belə tədbirlərin birində Qeysər Kaşıyeva Şirin bəy Kəsəmənli ilə tanış olmuşdu. Şirin bəy Qazax bəylərindən Çingiz bəyin oğlu idi.