Adolf (Lüksemburq böyük hersoqu)
Adolf Vilhelm Avqust Karl Fridrix fon Nassau (alm. Adolf Wilhelm August Karl Friedrich von Nassau; 24 iyul 1817, Bibrix sarayı[d] – 17 noyabr 1905, Lenqris[d], Bavariya) — 1839-cu ildən Nassau hersoqu, 1890-cı ildən Lüksemburq böyük hersoqu.
== Həyatı ==
Adolf Vilhelm Avqust Karl Fridrix fon Nassau 24 iyul 1817-ci ildə anadan olmuşdur. 1866-cı il Avstriya–Prussiya müharibəsində o, Avstriyanı dəstəkləmişdir. Bu səbəbdən onun məğlubiyyətindən sonra Nassau hersoqluğu Prussiyaya ilhaq edilmişdir. Buna baxmayaraq, hersoq qalalarını saxlamış və əhəmiyyətli pul təzminatı almışdır. 1890-cı ildə Niderland kralı və Lüksemburq böyük hersoqu III Villemin ölümündən sonra Lüksemburq və Niderland arasındakı şəxsi birliyi dağılmışdır. Salik qanununa görə, III Villemin qızı Vilhelmina Lüksemburq taxtına iddia edə bilməzdi. Nassau xanədanının 1783-cü ildə bağlanmış müqaviləsinə əsasən, kişi varisləri olmadığı halda, böyük hersoqun tacı Oranj qolundan Veylburq qoluna keçmişdir. Beləliklə, Adolf Lüksemburqun dördüncü böyük hersoqu olmuşdur.