"Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi
"Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi — Naxçıvanda muzey.
Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlamışdır
== Haqqında ==
Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmiş, 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən fəaliyyəti dayandırılmış, Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılmışdır. Azərbaycan ərazisində 1747-ci ildən yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan xanlığının Azərbaycanın siyasi tarixində böyük rolu olmuşdur. 1787–1797-ci illərdə müstəqil Naxçıvan xanlığının xanı, 1797-ci ildən 1820-ci ilədək Naxçıvan xanlığının hakimi olmuş Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1780-ci illərdə Naxçıvan çəhərində tikdirilmişdir. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirmişdir. Xan Sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanmışdır. 9429 km² ərazini əhatə edən Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri, ərazi bütövlüyünün qorunması ilə Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr vermişdir.
Bu tarix-mədəniyyət abidəsi NAxçıvan şəhərdəki Xan Dikində, Möminə Xatın türbəsinin yaxınlığında yerləşir. 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi kimi fəaliyyətə başlayan binada Naxçıvan xanlığının Azərbaycan Respublikasının milli dövlətçiliyindəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır
=== Muzeyin ekspozisiyası ===
Ali Məclis Sədrinin 2015-ci il 2 fevral tarixli Sərəncamına əsasən artıq "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirməkdədir. Hazırda muzeydə 9 ekspozisiya zalı vardır.