Azərbaycan-Çağatay ədəbi əlaqələri (az-əbcəd. آزربایجان–چاغاتای ادبی الاقلری[q 1]) — Azərbaycan və Çağatay (qədim özbəkçə) dilləri və ədəbiyyatlarının bir-biri ilə əlaqəsi və bir-birinə təsiri.
Azərbaycan və Çağatay dilləri arasındakı şivə yaxınlıqları Təbriz, Şirvan və digər Azərbaycan mədəniyyət mərkəzləri ilə, başda Herat olmaq üzərə Orta Asiya mədəniyyət mərkəzləri arasında cərəyan edən təmaslar nəticəsində yaranmışdır.[2] Azərbaycan türkcəsi vasitəsilə Çağatay yazı dilinə bir çox qərb oğuz türkcəsi ünsürünün daxil olduğunun tədqiqatlarla sübut olunması mümkündür.[3]
Teymuri dövrü şairi Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına təsirini göstərən ən vacib xüsusiyyət Çağatay dili lüğətləridir. Tarixdə mövcud olan Çağatay dili lüğətlərinin çoxu İran və Azərbaycanda yazılmışdır. Bunlardan biri olan "Bədayi'u'l-Lüğət"də çağatayca ilə birlikdə Azərbaycan və İraq türkçəsi haqqında da qısaca məlumat verilir. Sənglah lüğəti isə Füzuli dilindən nümunələr verir. XIX əsrdə yazılmış Fətəli Qacar lüğəti Azərbaycan və Çağatay dillərini müqayisə etmiş, bəzi qrammatik nəticələr çıxartmış, Azərbaycan dilinin onda birinin çağatayca ilə bir olduğu qənaətinə gəlmişdir.[4]
Bəzi Azərbaycan dialektlərində -imci, -imimci, -iminci şəkilçi formalarına rast gəlinir. Bunun tarixi "Baburnamə" əsərinə qədər gedib çıxır: ikimci(si), ücümci(si), törtümci(si), beşümci(si), altimci(si), yetimci(si) və sekizimci.[5]
XVI əsrə qədər Azərbaycan, Çağatay və Osmanlı ədəbiyyatları coğrafi olaraq bağlı olduğu ərazidə qalmır, bu ədəbiyyatları sevənlər də ancaq ədəbiyyatın ortaya çıxdığı bölgədən olmurdu.[6] Azərbaycan ədəbiyyatı Osmanlı, Türkmən və Çağatay ədəbiyyatları arasında körpü rolunu oynamışdır.[7] Osmanlı dövlətində paytaxtdan uzaq regionlarda, həcc və ticarət yollarında hərəkət edən karvanlar vasitəsilə Osmanlı şairləri ilə Azərbaycan və Şərqi türk şairləri arasında qəzəl və digər nəzm növlərinin bir növ "mübadilə"si aparılmışdır.[8]
— Fərhad və Şirin, Çağatay (özbək) şairi Əlişir Nəvai.[9]
XIV-XV əsr Çağatay Şairi Lütfinin təsiri digər linqvistik ərazilərin, xüsusilə Azərbaycan və Osmanlı mühitlərinin şairlərində hiss edilirdi.[10] Klassik türk ədəbiyyatına məxsus olan tuyuq adlı dördlüklərin meydana gəlməsi başlanğıcda Azəri ərazisində xalq ədəbiyyatının təsiri altında olmuş və sonradan Çağatay və Osmanlı ədəbiyyatlarına keçmişdir.[11]
XV əsrdə Azərbaycanda böyük inkişaf yolu keçən ədəbiyyatın nümayəndələrinin bir qismi Orta Asiyada Əlişir Nəvai çağatay məktəbinin şagirdləri olmuşdur. Səfəvilər dövləti qurulandan sonra Təbriz Azərbaycanın mədəniyyət mərkəzinə çevriləndə, onlar öz ölkələrinə qayıtmış və Nəvainin təsiri altında, təhsil gördükləri məktəbin dil və üslubuna sadiq qalaraq ədəbi fəaliyyətlərini davam etdirmişlər. Azərbaycan şairləri Osmanlı və Çağatay ədəbiyyatlarının inkişaf etdikləri ərazilərin ortasında yerləşdiyi üçün həm öz dillərini, həm bu dilləri istifadə etmiş, hətta onlarda iki yazı dilini təbii və təsadüfi bir şəkildə birləşdirən qarışıq dil müşahidə edilmişdir. Nəsimi, Kişvəri, Xətai və Əmani kimi şairlərin əsərlərində çağatay-qıpçaq elementləri görülür.[12]
Əbdüləzəl Dəmirçizadə Azərbaycan yazı dilində şərqi türk ləhcələri ünsürlərinin mövcud olduğunu qeyd edir. Bu xüsusiyyətlər daha çox dini əsərlərdə vardır. Bunun səbəbləri uyğur dilindəki "Bəxtiyarnamə" və "Rübabnamə" əsərlərinin, həmçinin Əlişir Nəvainin əsərlərinin təsiri, Səfəvilər dövlətində qeyri-azərbaycanlı türk boylarının yaşamasıdır. Roza Eyvazova XV əsr Azərbaycan şairləri Bəsiri, Kişvəri, Ziyayi, Hülqi, Allahı, daha sonra Şah Qulu bəy, Süsəni bəy, Pəri Peykər və digər başqa şairlərdə görülən çağatay təsirini, bu şairlərin Əlişir Nəvai və Hüseyn Bayqara liderliyindəki Herat ədəbi məktəbində yetişmələri ilə əlaqələndirir.[12]
Nəvai və Çağatay təsiri ilə yazmış şəxslər arasında Şamaxı qazısı Yusif Ziya Məhdum, Nəqşibəndiyəyə məxsus Baba Nemətullah Mahmud Naxçıvani, təbib Məmməd Dilşad Şirvani, din alimi Şirvanlı Seyid Yəhya Cəmaləddin, Şirvanlı Fəthullah, Nəvai məclislərində olmuş Hülqi, Allahi, Ziya vardır. Bundan başqa Şah İsmayıl Xətai sarayına yaxın şəxslər arasında Şərq türk ləhcəsi təsiri görülür. Həmçinin Sadıq bəy Əfşar "Məcməül-Xəvas" adlı təzkirəsini Nəvai dilinə yaxın bir dil ilə yazmışdır.[4]
Əlişir Nəvainin İmadəddin Nəsimini tərifləməsi Mərkəzi Asiyanın Türk dünyasında onun vacib şəxs hesab edildiyini göstərir.[13] Azərbaycan şairi Füzulinin yaradıcılığı həm Anadolu, həm də Çağatay ədəbiyyatına təsir göstərmişdir. Hər iki ənənəyə mənsub olan, sonrakı dövrlərdə yaşamış yazıçılar Füzulinin yaradıcılığından onun öz poeziyası vasitəsilə ənənəvi mövzu və ideyaları yenidən şərh etmək bacarığına görə istifadə etmişdilər. Bu, iki ədəbi ənənəni bir-birinə yaxınlaşdırmışdır.[14]
Səfəvi dövründə Azərbaycan xalq dastanları — "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanları yarandı. Yerli dialektlər və klassik dil arasında körpü rolunu oynayan bu dastanlar zamanla Osmanlı, özbək və fars ədəbiyyatlarına nüfuz edir. Bu lirik və epik romansların türk ədəbiyyatının Osmanlı və Çağatay qolları ilə müqayisədə Azərbaycan ədəbiyyatının xarakterik bir xüsusiyyəti hesab edilə bilər.[15]
Azərbaycan mədəniyyətinin tarixi |
---|
Azərbaycan xalqının formalaşması (XI-XV əsrlər) Milli oyanış (XIX əsrin sonu, XX əsrin əvvəlləri) AXC dövrü mədəniyyəti (1918-1920) Əlifba islahatları (1929, 1992) Soyadların milliləşdirilməsi (1993-cü ildən etibarən) Azərbaycanlılaşma |
AMEA Əlyazmalar İnstitutunda bir çox Nəvai əlyazması qorunur: