Hüseynov Murad Qoşun oğlu 1948-ci ildə Qafan rayonunun Oxtar kəndində anadan olub.
1965-ci ilin sentyabrında keçmiş "Leninneft" NQÇİ-nin 11 saylı mədənində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Buruqlarda baş vermiş yanğın hadisələri Murad Hüseynovun həyat yolunu müəyyənləşdirib.
1966-cı ilin sentyabrında Bakıda Yanğından Mühafizə İdarəsinin 1-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində yanğınsöndürən vəzifəsində xidmətə başlayıb.
1968-ci ildə SSRİ DİN Xarkov Yanğın Texniki Məktəbinin əyani şöbəsində təhsil almağa göndərilib həmin nazirliyin Moskvadakı Akademiyasını bitirib. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra leytenant Murad Hüseynov Bakıdakı 2-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində qaravul rəisi vəzifəsinə təyin olunub.
1972-ci ildən 1983-cü ilə qədər müəllim və baş müəllim vəzifələrində çalışıb.
1983-cü ilin ortalarında Murad Hüseynova Naxçıvan Muxtar Respublikasının yanğından mühafizə xidmətinin rəhbərliyi həvalə olunub.
1988-ci ilin yanvarında Bakıya dəvət olunan Murad Hüseynov Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Xidmətinin mərkəzi aparatında Əməliyyat-faktiki şöbənin rəis müavini vəzifəsində xidmətini davam etdirib.
Murad Hüseynov Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 1 avqust 1988-ci il tarixli fərmanı ilə "Yanğında igidliyə görə" medalı ilə təltif olunub.
1992-ci ilin noyabrında "Azərineft" Dövlət Neft Şirkəti üzrə Yanğından Mühafizə Dəstəsinə rəis təyin olunub.
1995-ci ilin aprel ayında daxili xidmət polkovniki Murad Hüseynov Azərbaycan Respublikası DİN Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşləri İdarəsinin rəisi vəzifəsinə təyin olunaraq 29 il əvvəl siravi yanğınsöndürəni olduğu qurumun ən yüksək postuna ucalıb.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 17 yanvar tarixli fərmanı ilə Murad Hüseynova daxili xidmət general-mayoru rütbəsi verilib.[1] Bu ali rütbənin şəxsən ulu öndərimiz Heydər Əliyev tərəfindən təqdim olunması Murad Hüseynovun ömür kitabına "qızıl səhifələr" kimi daxil olub.[2]
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2002-ci il tarixli 652 nömrəli Fərmanı ilə ona daxili xidmət general-mayoru rütbəsi verilmişdir[3].
2003-cü ildə Ukrayna Yanğın Təhlükəsizliyi Akademiyasının 75 illiyinə həsr olunmuş "Воспоминания выпускников разных лет" adlı kitabda həmin təhsil müəssisəsinin fəxri məzunu kimi Murad Hüseynova xüsusi yer ayrılmışdır.[4]
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1 avqust 1988-ci il tarixli fərmanı ilə "Yanğında igidliyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[5]
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 9 iyul 2018-ci il tarixli əmri ilə "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.