Akif Əsgərov
Akif İzzətulla oğlu Əsgərov (1 may 1940, Naxçıvan – 18 noyabr 2023, Bakı) — heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2018).
== Həyatı ==
1 may 1940-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1958–1963-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1963–1969-cu illərdə indiki Leninqrad indiki Sankt-Peterburq şəhərində M. K. Anikuşinin emalatxanasında təhsil almışdır. Onun 1978-ci ildə tuncdan tökülmüş "Su içərkən" adlı heykəl kompozisiyası Rəssamlıq Akademiyasının diplomuna layiq görülmüşdür. Akif Əsgərovun yaradıcılığının əsasını dəzgah və monumental heykəltəraşlıq təşkil edir.
Akif Əsgərov "İblis", "Topal Teymur", "Şeyx Sənan", "Su içərkən", "Rəfiqələr"(1986), "Oturan qız"(1992), "Qız fikir dünyasında", "Oğlan uşaqları xalça üstündə"(1994), "Ayaq üstündə duran çılpaq qız" və s. dəzgah heykəllərinin yaradıcısı olmuşdur.
Heykəltəraş "General şəhidlərə abidə" (1996, Urmiya), Yusif Məmmədəliyevin abidəsi (1998, Bakı), Bülbülün abidəsi(2012, Bakı), Nizami Gəncəvinin büstü (2001, Kişnyov), Əli Mərdan bəy Topçubaşovun Qəbirüstü abidəsi(2002, PAris), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin büstü (2005, Sloveniya), Frideş Podmanskinin xatirə lövhəsi (2010, Budapeşt), Ulu Öndər Heydər Əliyevin Abidələri (Şamaxı, Xaçmaz, Quba, Balakən, Zaqatala, Misir, Bakı, Türkiyə, Tbilisi, Qusar 2004–2012-ci illər) və s. heykəllərinin müəllifi, "Xocalı"(2011, Berlin), "Dostluq" (2012, Qnezno) abidələrinin həmmüəllifidir. Akif Əsgərov 1970–1972-ci illərdən SSRİ Rəssamlar İttifaqının üzvü, 2016-cı ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü olmuşdur.